Şəkim mənim


Böyük Britaniyanın 2011-ci ildə turizm sahəsində yazan “Ən yaxşı jurnalist” adına layiq görülmüş Pol Stilin Azərbaycanın Şəki şəhərinə səfəri ilə bağlı təəssüratlarını əks etdirən daha bir məqaləsi “baldhiker.com” saytında yerləşdirilmişdir.

Pol Stil yazır: “Azərbaycana səfərim çərçivəsində mən bu  ölkənin şimal-qərbində yerləşən daha bir qədim və çox gözəl şəhərdə - Şəkidə oldum. Burada Şəki xanlarının sarayı ilə yanaşı, digər tarixi yerlərə də baş çəkdim. Şəki xanları sarayının tarixi və onun gözəlliyi haqqında əvvəlki məqalələrimin birində ətraflı yazmışdım. Şəkinin olduğum bütün yerlərinin çox qədim və maraqlı tarixi vardır. Bu şəhərin əhalisi Azərbaycanda ən çox yumor hissi olan insanlar kimi məşhurdur”.
İngiltərəli jurnalist qeyd edir ki, insanların hələ 2 min 700 il əvvəl məskunlaşdıqları bu şəhər çox qədim və böyük tarixi hadisələrin şahidi olmuşdur. Şəki küçələrini gəzərkən gördüyün hər bir tikilinin o qədər qədim və gözəl memarlıq üslubu vardır ki, bütün bunların şahidi olmaq lazımdır. Buradakı qədim Alban məbədinin çöl tərəfində xristianların qəbir daşları, məbədin içərisində isə onların istifadə etdikləri qədim əmək və musiqi alətləri, paltarları indiyədək qorunub saxlanılır. Şəkinin qədim küçələrini gəzərkən burada olduğum mağazalar da məni çox heyrətləndirdi. Həmin mağazalar və hətta iaşə obyektləri belə qədim və gözəl memarlıq üslubu ilə diqqəti cəlb edir. İpək yolu üzərində yerləşdiyindən və əsrlərdir ipək istehsal etdiyindən Şəkidəki mağazalarda ipəkdən hazırlanmış paltarların çoxluğu insanı heç də təəccübləndirməməlidir. Təsadüfi deyildir ki, Şəkidə bu gün ipək fabriki də fəaliyyət göstərir. Həmin mağazalarda çoxlu sayda milli bəzək əşyaları da vardır.
Pol Stil yazır ki, Şəkidəki tarixi abidələrdən danışarkən buradakı Karvansaranın adını çəkməmək mümkün deyildir. Karvansara Şəkidə turistlərin diqqətini ən çox cəlb edən tarixi tikililərdəndir. Qədim vaxtlarda Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən karvansarada ticarətlə məşğul olardılar.
İngiltərəli jurnalist yazır: “Əlbəttə, Şəkidə olduğum bir neçə saat ərzində mən şəhərin bu cür zəngin tarixi yerləri ilə tam tanış ola bilməzdim. Lakin bu bir neçə saat ərzində məndə elə təəssüratlar yarandı ki, mütləq yenidən Şəkiyə qayıdacağam. Onu da qeyd edim ki, vaxtımın az olmasına baxmayaraq, mən Şəkinin özünəməxsus şirniyyatlarından da daddım. Bunların arasında Şəki paxlavasını xüsusi qeyd etməliyəm. Baldan, undan, fındıq və qozdan hazırlanan bu nadir şirniyyatın dadından doya bilmirdim. Şəkiyə səyahət edən bütün turistlərə bu şirniyyatın dadına mütləq baxmağı tövsiyə edirəm”.
Məqalə Şəkinin tarixi yerlərindən çəkilmiş maraqlı fotoşəkillərlə müşayiət olunur.Mənbə:az.wikipedia.org